Azərbaycan ''Beynəlxalq Müqavilələrdə Elektron Rabitədən İstifadə'' barədə BTM-nin 2005-ci il Konvensiyasını ratifikasiya etmişdir
Hörmətli oxucular,
Belə ki, nəzərinizə çatdırıram ki, Azərbaycan 18 Sentyabr 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BTM) 2005-ci il ''Beynəlxalq Müqavilələrdə Elektron Rabitədən İstifadə'' barədə qəbul edilmiş Konvensiyasını (bundan sonra Konvensiya) ratifikasiya etmişdir. Bu Konvensiya 01 Aprel 2019-ci il tarixindən bütün Azərbaycan Respublikası ərazisində qüvvədə olacaq.
Konvensiya barədə qısa xülasə
Konvensiyanın əsas məqsədi beynəlxalq müqavilələr bağlanarkən elektron rabitə vasitələrindən istifadə zamanı, həmin müqavilələrin etibarlılığı və hüquqi qüvvəsi ilə bağlı yaranan problemlərin aradan qaldırılmasıdır. Bu konvensiya, beynəlxalq müqavilələrin bağlanması zamanı, müqavilə tərəflərinin qanunvericilikləri arasında fərqli yanaşmalara texnoloji neytrallıq və funksional ekvivalentlik prinsiplərini əsas götürərək ümumi beynəlxalq standartlar tətbiq edir.
Konvensiyanın tətbiqi dairəsi
Konvensiyanın tətbiqi dairəsi
Bu konvensiya, müqavilə tərəfləri konvensiyanı ratifikasiya etmiş iki fərqli ölkələri təmsil etdikləri zaman tətbiq olunur. Lakin, bu tələb mütləq deyil, yəni, tərəflərdən biri bu konvensiyanı ratifikasiya etdiyi və müqavilə üzrə qanunvericilik olaraq məhz həmin ölkənin qanunvericiliyi seçildiyi və ya beynəlxalq xüsusi hüququnun tələblərinə əsasən həmin ölkənin qanunvericiliyi iki tərəf arasında mövcud olan müqavilə münasibətlərinə tətbiq olunduğu zaman da, bu konvensiyanın dolayı yolla tətbiqi mümkindir.
Məsələn, Azərbaycan Respublikasında və Türkiyə Respublikasında qeydiyyatda olan və fəaliyyət göstərən iki ayrı-ayrı hüquqi şəxs arasında müqavilə bağlanmışdır. Tərəflərdən biri, yəni, Azərbaycan tərəfi bu konvensiyanı ratifikasıya etmişdir, lakin, digər tərəf, Türkiyə Respublikası isə bu konvensiyanı ratifikasiya etməmiş ölkələr siyahısındadır. Bu halda, bu konvensiya həmin müqavilə münasibətlərinə tətbiq oluna bilməz kimi qərar düzgün deyil.
Belə ki, həmin tərəflər arasında bağlanan müqavilə Azərbaycan qanunvericiliyinə əsasən hazırlandığı və həmin müqavilədən irəli gələn münasibətlərdə Azərbaycan qanunvericiliyinin tətbiq olunması barədə razılığa gəlinmişdirsə, dolayı yolla tərəflərin bu müqavilə hüquq münasibətlərinə konvensiyanın müddəaları tətbiq ediləcək. Çünki, Azərbaycan artıq bu konvensiyanı ratifikasiya edərək ölkə qanunvericiliyinin ayrılmaz tərkib hissəsi hesab etmişdir. Bununla da, birmənalı olaraq, bu müqavilə münasibətlərinə Azərbaycan Respublikasının qanunvericliyinin tətbiqi yolu ilə, konvensiyanın müddəaları tətbiq olunmuş hesab olunur.
Aşağıdakı hüquq münasibətlərinə bu konvensiya müddəaları tətbiq olunmayır:
- İstehlak məqsədləri üçün bağlanan müqavilələrə
-Maliyyə bazarlarında maliyyə əməliyyatlarından irəli gələn müqavilələrə, çünki, maliyyə bazarlarında artıq həmin növ maliyyə əməliyyatları ilə bağlı xüsusi qəbul edilmiş beynəlxalq standarlar və ya tələblər mövcüddur.
- Qiymətli kağızların alqı-satqısına
- Nəqliyyat və konsiqnasiya sənədlərinə
- Daşınmaz əmlakın alqı-satqısı və notarial təsdiq tələb edilən müqavilələrə
Konvensiyada ''kontrakt'' (müqavilə) dedikdə, nə nəzərdə tutulur ?
Bu konvensiyada ''kontrakt'' (müqavilə) bildiyimiz iki və ya daha çox tərəf arasında bağlanan müqavilə analayışından daha geniş anlayışdır. Belə ki, kontrakt dedikdə - iki tərəf arasında bağlanacaq beynəlxalq müqavilədən öncə, təklif və qəbul barədə yazışmaları, müqavilə bağlandıqdan sonra, həmin müqavilənin xitamı ilə bağlı bildirişlər də daxil olmaqla, müqavilə öhdəliklərindən irəli gələn yazışmalar (malların çatması barədə və s.) və hətta, arbitraj razılaşmaları da nəzərdə tutulur.
Konvensiyada ''müqavilə tərəfləri'' dedikdə, kimlər nəzərdə tutulur ?
Bu konvensiyada tərəflər dedikdə, iki fərqli ölkəni təmsil edən istənilən fiziki və ya hüquqi şəxslər nəzərdə tutulur. Həmin şəxslər müqavilə tərəflərinin ölkələrində qeydiyyatda olmalı və/və ya daimi nüməyəndəlik şəklində fəaliyyət göstərməlidirlər.
Konvensiyada ''elektron rabitə'' dedikdə, nə nəzərdə tutur ?
Bu konvensiya elektron rabitəni heç bir elektron sistem vasitəsi ilə məhdudlaşdırmır. Yəni, elektron rabitə - elektron poçt, fax və s. istənilən elektron rabitə vasitələrindən istifadə edərək müqavilələrin bir tərəfdən digər tərəfə çatdırılması zamanı onun etibarlılığını və lazimi hüquqi qüvvəyə malik olmasını ehtiva edir.
Konvensiya müki, yoxsa, kommersiya hüquq münasibətlərinə tətbiq olunur ?
Bildiyiniz kimi, monistik hüquq sisteminə malik olan ölkələrdən fərqli olaraq, dualistik hüquq sisteminə malik olan ölkələr mülki və kommersiya hüquq münasibətlərini bir-birində müəyyən kriteriyalar əsasında ayırırlar. Lakin, bu konvensiyanın müddəaları həmin kriteriyaları nəzərə almadan, yəni, mülki və kommersiya hüquq münasibətlərinə heç bir fərq qoymadan, yuxarıda adıçəkilən istisnalar nəzərə alınaraq, bütün hüquq münasibətlərinə aid edilir.
Beləliklə, 01 Aprel 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasında qeydiyyatda olan və/və ya fəaliyyət göstərən istənilən şəxs ilə, bu konvensiyanı ratifikasiya etmiş və ya etməmiş, lakin, Azərbaycan Respublikasının qanunvericliyinin tətbiqini nəzərdə tutan müqavilə üzrə (və ya beynəlxalq xüsusi hüququn tələbləri əsasında), digər ölkədə qeydiyyatda olub və/və ya fəaliyyət göstərən şəxslər arasında bu konvensiyada kontrakt (müqavilə) anlayışına gələn istənilən elektron rabitə vasitəsi ilə sənəd dövriyyəsinə bu konvensiyanın müddəaları tətbiq olunacaq.
Comments
Post a Comment